
Pakistan Əfqanıstanın 19 sərhəd məntəqəsini ələ keçirib
Pakistan iki ölkənin hərbçiləri arasında baş verən toqquşmalardan sonra Əfqanıstanın 19 sərhəd məntəqəsini ələ keçirib. Bu barədə Geo telekanalı təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.
"Pakistan Əfqanıstanın 19 sərhəd məntəqəsini ələ keçirib", - hesabatda deyilir.
Telekanalın məlumatına görə, Əfqanıstan bu nöqtələrdən Pakistan ərazisinə hücumlar etmək üçün istifadə edib. Bundan əvvəl Əfqanıstan Müdafiə Nazirliyi Pakistana qarşı “intiqam əməliyyatı”nın başa çatdığını elan etmişdi. Əməliyyata Durand xətti boyunca Pakistan təhlükəsizlik qüvvələrinin mərkəzlərinə qarşı tədbirlər daxildir.
Bir gün əvvəl Əfqanıstan-Pakistan sərhədində şiddətli döyüşlərin getdiyi bildirilirdi. Ən şiddətli toqquşmalar Kunar, Nangarhar və Helmand əyalətlərində baş verib. KİV-in məlumatına görə, toqquşmalarda Pakistan tərəfi 5 hərbçini itirib.
Əziz MUSTAFA