
Nobel Sülh Mükafatı laureatı bəlli olub
Oktyabrın 10-da Osloda 2025-ci il Nobel Sülh Mükafatının laureatı elan edilib. Venesuelalı müxalifət lideri Maria Korine Maçado 2025-ci il Nobel Sülh Mükafatı laureatı seçilib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, o, Sülh Mükafatına layiqdir, çünki Ağ Evdə yeni səlahiyyət müddəti başlayandan bəri bir neçə müharibəyə son qoya bilib.
Nobel Komitəsinin bəyanatında deyilir ki, Maçado “Venesuela xalqının demokratik hüquqlarının inkişaf etdirilməsi istiqamətində yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və dinc keçidə nail olmaq üçün apardığı mübarizəyə görə” mükafatlandırılıb.
"Onlar mənə Nobel Sülh Mükafatını heç vaxt verməyəcəklər. Mən buna layiqəm, amma heç vaxt verməyəcəklər", - ABŞ prezidenti 2025-ci ilin fevralında bəyan edib. 30 sentyabrda amerikalı generallarla danışan Tramp bu məsələni yenidən gündəmə gətirib: mükafatı başqası alsa, "bu, ölkəmizə böyük təhqir olardı".
Nobel Komitəsinin nümayəndəsi Trampın niyə mükafata layiq görülməməsi ilə bağlı suala cavab olaraq bildirib ki, təşkilat “qərarlarını ictimai kampaniyalara görə deyil, yalnız Alfred Nobelin işinə əsaslandırır”.
Alfred Nobelin vəsiyyətinə görə, Sülh Mükafatı laureatlarını İsveçdə deyil, Norveçdə, konkret olaraq Norveç Komitəsi, ölkə parlamenti tərəfindən təyin olunan beş nəfərlik komitə müəyyənləşdirir. Bu il mükafata ABŞ prezidenti Donald Tramp da daxil olmaqla 338 namizəd (244 fiziki şəxs və 94 təşkilat) namizədliyini irəli sürüb.
Almaz Həsənli