
Makron 48 saat ərzində yeni baş naziri təyin etmək niyyətindədir
Fransa prezidenti Emmanuel Makron “48 saat ərzində” istefa vermiş Sebastien Lekornunun yerinə yeni baş nazir təyin etmək niyyətindədir.
Oxuməni.az -ın xəbərinə görə, bu barədə çərşənbə günü axşam Fransa prezidentinin ofisinə istinadən “AP” xəbər agentliyi məlumat yayıb.
Lekornunun mümkün əvəzlənməsi ilə bağlı təfərrüatlar verilməyib. Əvvəllər Fransanın müdafiə naziri vəzifəsini icra edən baş nazir vəzifəsində cəmi 27 gün olub. Oktyabrın 5-də o, ölkənin əsasən Makron hökumətlərində çalışmış siyasətçilərdən ibarət yeni kabinetini təqdim edib. Buna cavab olaraq Respublikaçılar Partiyasından olan mühafizəkarlar hökumətdən istefa verməklə hədələdilər, həm sağ, həm də solçu müxalifət isə prezidentin istefasını tələb etdi. Bu fonda Lekornu Makrondan onu vəzifəsindən azad etməyi xahiş edib.
Fransada yeni hökumət başçısının gözlənilən təyinatı hələlik növbədənkənar parlament seçkilərindən yayınacaq. Bundan əlavə, Fransa Milli Assambleyası hələ 2026-cı il üçün büdcə ilə bağlı razılığa gəlməyib və onun bu şərtlər altında dağılması Aİ-nin ikinci ən böyük iqtisadiyyatını daha böyük qeyri-müəyyənliyə sürükləyə bilər, AP qeyd edir.
Almaz Həsənli