
Putin oktyabrın 10-da Düşənbədə MDB sammitində iştirak edəcək
Rusiya prezidenti Vladimir Putin Tacikistana işgüzar səfəri çərçivəsində oktyabrın 10-da Düşənbədə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.Bu barədə jurnalistlərə prezidentin köməkçisi Yuri Uşakov məlumat verib, TASS xəbər verir.
MDB sammiti dar tərkibdə başlayacaq, ardınca isə geniş tərkibdə iclas keçiriləcək. Cənab Uşakovun sözlərinə görə, birgə sənədlərin imzalanması planlaşdırılır.
Vladimir Putinin Tacikistana işgüzar səfəri üç gün davam edəcək: 8-10 oktyabr. Prezidentin səfəri IX-X əsrlərdə hakimiyyətdə olmuş Orta Asiya hökmdarı İsmayıl Səmaninin abidəsi önünə əklil qoyma mərasimi ilə başlayacaq. Daha sonra prezidentin tacikistanlı həmkarı Emoməli Rəhmonla qeyri-rəsmi nahar etməsi planlaşdırılır. Cümə axşamı prezidentlər iki mərhələdə rəsmi danışıqlar aparacaqlar: əvvəlcə üz-üzə, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə.
Cümə axşamı Rusiya prezidenti ikinci Mərkəzi Asiya-Rusiya Sammitində də iştirak edəcək. İştirakçılar regional təhlükəsizlik məsələlərini, o cümlədən Yaxın Şərq və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. Tədbirdən sonra liderlərin yekun kommünike qəbul edəcəyi gözlənilir.
Əziz Mustafa