Suriyada Əsədin devrilməsindən sonra ilk seçkilər keçirilib

Suriyada Əsədin devrilməsindən sonra ilk seçkilər keçirilib

10:55
Bəyəndim (2) Bəyənmədim (0)

Suriyada prezident Bəşər Əsədin devrilməsindən sonra ilk parlament seçkiləri keçirilib. Deutsche Welle xəbər verir ki, səsvermə bazar günü, oktyabrın 5-də keçirilib və nəticələr bir və ya iki günə məlum olacaq.

Birpalatalı Suriya Xalq Şurası yenilənmə imkanı ilə 30 ay müddətinə seçilən 210 üzvdən ibarət olacaq. Bu üzvlərin üçdə birini 2025-ci ilin yanvarında ölkənin keçid hökuməti dövründə vəzifəyə başlayan prezident Əhməd əl-Şaraa təyin edəcək. Qalan üzvlər əl-Şaraa tərəfindən təyin olunan seçki kollegiyası tərəfindən yaradılan regional komitələr tərəfindən seçiləcək.

Bu, iyul ayında druzlarla bədəvilər arasında toqquşmaların baş verdiyi cənub Əs-Suveyda əyalətinin, eləcə də qismən Kürd Suriya Demokratik Qüvvələrinin (SDF) nəzarətində olan şimal-şərqdəki Əl-Həsəkə əyaləti və Əl-Raqqanın şimalının nümayəndələri üçün nəzərdə tutulmuş 32 parlament yeri boş qalacaq. Keçid hökumətinin bildirdiyinə görə, ölkənin 14 əyalətindən üçündə təhlükəsizliklə əlaqədar seçkilər təxirə salınıb.

Seçkilərdə iştirak etmək üçün ümumilikdə 1578 nəfər qeydiyyatdan keçib, namizədlərin yalnız 14 faizi qadınlardır. Onlara qoyulan tələblər arasında “əvvəlki Əsəd rejiminin tərəfdarı” olmamaq və ya hər hansı separatçı ideyaları dəstəkləməmək də var.

Sentyabrda Əl-Şaraa bəyan etmişdi ki, birbaşa seçkilər hazırda qeyri-mümkündür. Bunun səbəbləri arasında etibarlı sənədləri olmayan məcburi köçkünlərin və xaricdə yaşayan suriyalıların çoxluğu göstərilir. Buna görə də komitələr və seçki kollegiyaları səs verdi və bu, Suriyada Əsəd rejiminin devrilməsindən sonra “dolayı” adlandırılan ilk seçkilərə səbəb oldu.

Əziz MUSTAFA