
Türkiyə Qəzzada atəşkəs danışıqlarında vasitəçilik edəcək
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Qətərə səfər edib. Ankara Qəzza zolağında müharibəyə son qoymaq üçün danışıqlara qoşulur. Bu barədə "TRT Haber" telekanalına istinadən Oxuməni.az məlumat yayıb.
Təhlükəsizlik mənbələrindən verilən məlumata görə, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında aparılan danışıqlar çərçivəsində Kalın Trampın təklif etdiyi Qəzza planı ilə bağlı əlaqədar tərəflərlə danışıqlar aparacaq.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında Türkiyənin Qəzzada atəşkəs danışıqlarına qoşulacağını açıqlayıb.
Ənsari: "Qətər, Misir və Türkiyənin səyləri birgə və koordinasiyalı şəkildə müharibəni bitirmək üçün həyata keçiriləcək. Bizim əsas məqsədimiz müharibəyə son qoymaq və Qəzzada aclığa son qoymaqdır",- deyib.
O, Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə Qəzzada atəşkəs danışıqlarının davam etdiyini xatırladıb və Türkiyənin bu prosesdə iştirakını təsdiqləyib. Ənsari həmçinin Misir kəşfiyyatının rəhbərinin dünən HƏMAS nümayəndə heyəti ilə görüşdüyünü və Türkiyənin də bu görüşə qatılacağını açıqlayıb.
Əziz MUSTAFA