
Moskva vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində azyaşlı və onun nənəsi həlak olub
Moskva vilayətinin Voskresensk şəhərində yaşlı qadın və kiçik bir oğlan ukraynalı pilotsuz təyyarənin hücumundan sonra həlak olublar - onlar yanan şəxsi evlərindən qaça bilməyiblər. Səlahiyyətlilərə görə, bir gecədə Voskresensk və Kolomna üzərində dörd pilotsuz təyyarə məhv edilib. Hücum dəf edildikdən sonra bir neçə evin fasadları və pəncərələri zədələnib, küçə işıqları sıradan çıxıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Voskresenskdə 76 yaşlı qadın və onun altı yaşlı nəvəsi fərdi evdə baş verən yanğında həlak olub.
“Bu gecə hava hücumundan müdafiə qüvvələri Voskresensk və Kolomnada dörd pilotsuz təyyarəni vurublar”. "Təəssüf ki, Voskresenskdə faciə baş verib: fərdi evdə baş verən yanğında iki nəfər ölüb - 76 yaşlı qadın və onun 6 yaşlı nəvəsi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - o yazıb.
Qubernator qeyd edib ki, şəhərdə pəncərələr sınsa, fasadlara ziyan dəysə də, “bu hadisədən başqa tələfat yoxdur”.
"Biz müvəqqəti yaşamağa ehtiyacı olanları mənzillə təmin edəcəyik - bütün lazımi yardım və dəstəyi göstərəcəyik", - Vorobyov yazıb.
Hadisə şahidi və zərərçəkənlərin qonşusu 360 telekanalına bildirib ki, partlayış gecə saatlarında baş verib.
Əziz Mustafa