
Tramp Qəzza ilə bağlı yeni sülh planını ərəb liderlərinə təqdim edib
ABŞ prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ərəb və müsəlman liderləri ilə görüşündə Qəzza zolağında münaqişənin həlli üçün yeni plan təklif edib. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetə mənbə bildirib ki, plan Qəzzaya ərəb və müsəlman dövlətlərinin şəxsi heyətindən ibarət hərbi kontingentin göndərilməsini nəzərdə tutur. Tramp hesab edir ki, bu, münaqişə bitdikdən sonra anklavda vəziyyətin sabitləşməsinə xidmət edəcək. Planın ayrıca bir məqamı bütün İsrailli girovların azad edilməsidir.
İsrail Müdafiə Qüvvələrinə gəlincə, o, Trampın planına əsasən, yanvardan mart ayına kimi müvəqqəti atəşkəs dövründə tutduğu mövqelərə qayıtmalıdır. Ərəb-müsəlman hərbi kontingenti formalaşdıqdan sonra İsrail qüvvələri anklavdan tamamilə geri çəkiləcək.
FT həmçinin qeyd edib ki, plana əsasən Qəzzə sakinləri məcburi köçkün olunmayacaq və HƏMAS ərazinin idarə olunmasında heç bir rol oynamayacaq.
Əziz Mustafa