
Orban Polşanın ərazi bütövlüyünün pozulmasını qəbuledilməz adlandırıb
Rusiyanın pilotsuz təyyarələrinin Polşaya hücumu fonunda Macarıstanın baş naziri Viktor Orban Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı “sülhpərvər” siyasətini düzgün adlandırıb.
Bu barədə Orban X sosial şəbəkəsində yazıb. Orban Rusiyanın adını çəkmədən Polşanın ərazi bütövlüyünün pozulmasını qəbuledilməz adlandırıb.
"Bu hadisə sübut edir ki, bizim Rusiya-Ukrayna müharibəsində sülhə çağırış siyasətimiz ağlabatan və rasionaldır. Müharibənin kölgəsində həyat risklər və təhlükələrlə doludur. Buna son qoymağın vaxtı çatıb! Bu baxımdan biz ABŞ prezidenti Donald Trampın sülhə nail olmaq səylərini dəstəkləyirik", - baş nazir əlavə edib.
Polşa xarici işlər naziri Radoslav Sikorski Orbanın açıqlaması ilə razılaşmayıb.
"Bu hadisə sübut edir ki, siz gözləmə mövqeyi tutmağı dayandırmalı və Rusiyanın təcavüzünü pisləməlisiniz. Sizdən Aİ-nin müdafiə fondlarını blokdan çıxarmağı, təcavüzkara qarşı daha sərt sanksiyaları təsdiq etməyi və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına vetonu ləğv etməyi xahiş edirik", - nazir vurğulayıb.
Əziz Mustafa