ABŞ Ukraynadakı sülhməramlı missiya üçün kəşfiyyat məlumatı verməyə hazırdır

ABŞ Ukraynadakı sülhməramlı missiya üçün kəşfiyyat məlumatı verməyə hazırdır

10:12
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ atəşkəs olacağı təqdirdə Ukraynadakı hərbisizləşdirilmiş zonaya nəzarət etməyi təklif edib. Xüsusilə, Amerika tərəfi sülhməramlı missiyanın iştirakçılarına kəşfiyyat məlumatı verməyə hazırdır. Bu barədə Avropa və Ukrayna rəsmilərinə istinadən Financial Times nəşri yazıb.

Onların məlumatına görə, ABŞ Ukraynanın hava hücumundan müdafiəsi ilə bağlı Avropaya kömək edə bilər. Bundan əlavə, Amerika tərəfi Avropanın rəhbərliyi altında qüvvələrin quruda yerləşdirilməsinə dəstək verməyə hazırdır. Pentaqon qəzetə bildirib ki, sözügedən tədbirlər yekun qərarlar deyil.

Eyni zamanda, Vaşinqton Ukraynada öz kontingentini yerləşdirməyi planlaşdırmır. Nəşrin həmsöhbətləri qeyd edirlər ki, ABŞ-ın iştirakı ilə bağlı razılaşma hələ də ləğv oluna bilər. ABŞ administrasiyasının bəzi nümayəndələri, o cümlədən müdafiə naziri Pit Heqset münaqişəyə cəlb olunmaq qorxusuna görə Ukraynaya hər hansı təhlükəsizlik zəmanətinin verilməsinə qarşıdır. Öz növbəsində, Avropa rəsmiləri özəl olaraq etiraf ediblər ki, Ukraynada qüvvələrin yerləşdirilməsi yalnız Amerikanın dəstəyi ilə mümkündür.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkə Avropa ölkələrinin sülhməramlı missiyasını koordinasiya edəcək. “İstəyənlərin koalisiyası”na Fransa və Böyük Britaniya rəhbərlik edir. Təhlükəsizlik təminatlarına Avropa qoşunlarının patrul etdiyi demilitarizasiya zonasının yaradılması daxil ola bilər.

Əziz Mustafa