Almaniya amerikalını  ABŞ hərbi məlumatlarını Çinə ötürməyə çalışmaqda ittiham edir

Almaniya amerikalını ABŞ hərbi məlumatlarını Çinə ötürməyə çalışmaqda ittiham edir

08:08
Bəyəndim (1) Bəyənmədim (0)

Almaniya Federal Prokurorluğu bir amerikalını ABŞ-ın məxfi hərbi məlumatlarını Çin kəşfiyyatına ötürmək cəhdində ittiham edib. Bu barədə Reuters və CBS News xəbər verir.

Martin D. kimi tanınan şübhəli 2024-cü ilin noyabrında Frankfurtda həbs edilib. Təxminən 30 yaşı olan bu şəxs 2017-ci ildən 2023-cü ilədək ABŞ Müdafiə Nazirliyinin mülki podratçısında işləyib, 2020-ci ildən isə ABŞ-ın Almaniyadakı naməlum hərbi obyektində olub.

O, 2024-cü ilin yayında dəfələrlə Çin hakimiyyəti ilə əlaqə saxlamaqda və Çin kəşfiyyatına ABŞ-ın məxfi hərbi məlumatlarını təqdim etməyi təklif etməkdə ittiham olunur. Alman mediasının məlumatına görə, şübhəlinin həbs olunmazdan əvvəl Çin hakimiyyətinə heç bir məlumat ötürməyə vaxtı olmayıb.

İndi Koblenz məhkəməsi tam hüquqlu məhkəmə prosesinin davam edib-etməməsinə qərar verməlidir.

"Ciddi şübhələrin olması səbəbindən təqsirləndirilən şəxs özünü xarici kəşfiyyat xidmətinə agent kimi təqdim etməkdə ittiham olunur", - Almaniya prokurorluğunun bəyanatında deyilir.
Xatırladaq ki, bu yaxınlarda amerikalı hərbi zabit Jinchao Wei Kaliforniyada Çinin xeyrinə casusluqda ittiham olunub. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin məxfi məlumatlarını, o cümlədən xidmət etdiyi gəmi haqqında məlumat.Çin kəşfiyyatına ötürüb.

Eyni zamanda, onun hərbçi yoldaşı, kiçik zabit Wenheng Zhao həbs edilib. 2024-cü ildə o, Sakit Okeanda dəniz təlimləri planlarını, əməliyyat əmrlərini və Okinavadakı bazada radar stansiyasının planlarını ötürdüyünə görə Çinə casusluq etməkdə təqsirli bilinib.

Çin dövlət hakerləri ABŞ Maliyyə Nazirliyinin kompüter təhlükəsizlik sisteminə girərək bir sıra sənədləri oğurlamışdı.

Bundan əlavə casuslar Çin ordusunu gücləndirmək üçün Hollandiyanın yarımkeçirici, aerokosmik və gəmiqayırma sənayesini hədəfə alıblar.

Əziz MUSTAFA