
“Drujba” neft kəmərinə zərbələr endirİLməsi Slovakiyanın maraqlarına ziddir
Ukrayna Silahlı Qüvvələrinin “Drujba” neft kəmərinə zərbələr endirməsi nəinki Slovakiyanın maraqlarına ziddir, hətta Ukraynanın özünə də sərf etmir.
“TVnoviny” xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri Yuray Blanar deyib.
Onun sözlərinə görə, Rusiya neftindən müxtəlif məhsullar istehsal edən Slovakiyanın “Slovnaft” neft emalı zavodu hazırda Ukraynanın əsas dizel yanacağı tədarükçüsüdür. O cümlədən, obyekt ölkə istehlakının 10%-ni təmin edir.
Lakin “Drujba”ya zərbələr səbəbindən Ukrayna Slovakiyadan yanacaq ala bilməyəcək. Blanar həmçinin iddia edir ki, o, bu məsələni ukraynalı həmkarı Andriy Sibiqa ilə müzakirə edib və Ukraynanın xarici işlər naziri bu məlumatı nəzərə alıb.
"Biz başa düşürük ki, Ukrayna çətin vəziyyətdədir, lakin bu infrastruktur bizim üçün çox vacibdir, xüsusən də Ukraynanın yanacaqsız qalmaq riski ilə öz maraqlarına zərər verdiyini görəndə. Bizim milli maraqlarımız bu tədarükləri qorumaqdır və ona görə də biz Ukrayna tərəfi ilə də açıq şəkildə əlaqə saxlayırıq", - Blanar bildirib.
Qeyd edək ki, “Slovnaft” əsasən Rusiya nefti ilə işləyən neft emalı zavodudur. Üstəlik, neft son vaxtlar Ukrayna tərəfinin fəal hücumuna məruz qalan Rusiyanın “Drujba” boru kəməri ilə keçir. Əslində Slovakiyadan açıqlama da məhz bu səbəbdən verilib.
Əziz Mustafa