
ABŞ məhkəməsi Trampın 500 milyon dollar cəriməsini ləğv edib
Nyu-York apellyasiya məhkəməsi mülki fırıldaqçılıq iddiasında ABŞ prezidenti Donald Trampa və onun ailə biznesinə qoyulan 500 milyon dollara yaxın cəriməni ləğv edib.
Oxuməni.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Eyni zamanda, Trampın şirkətinin banklara və sığortaçılara təqdim etdiyi sənədlərin saxtalaşdırılması ilə bağlı ittihamlar götürülməyib, nəşr aydınlaşdırır.
Keçmiş dövlət başçısı və onun üç böyük övladı - Erik Tramp, kiçik Donald Tramp və İvanka Trampa qarşı mülki iddia 2022-ci ilin sentyabrında Nyu-York ştatının baş prokuroru, Demokratlar tərəfdarı Letisia Ceyms tərəfindən qaldırılıb. Daha sonra İvanka Trampa qarşı iddiaya xitam verilib.
İş, prokurorların fikrincə, sərfəli şərtlərlə kreditlər və sığorta müqavilələri əldə etmək və ya onları saxlamaq üçün qəsdən şişirdilmiş “Trump Organization”-un aktivlərinin qiymətləndirilməsi ilə bağlı idi.
2024-cü ilin fevralında keçirilən məhkəmə prosesindən sonra Nyu-York məhkəməsi Trampı 354,9 milyon dollar cəriməyə məhkum edib. Bundan başqa, məhkəmə Trampın oğulları Erik və kiçik Donald Trampa bir neçə il Nyu-Yorkda şirkətlərdə rəhbər vəzifə tutmağı qadağan edib.
Donald Trampın özü bu işi siyasi motivli adlandırıb və 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində qələbəsindən sonra işin bağlanmasını tələb edib.
“Reuters”-in məqaləsinə görə, 21 avqust 2025-ci ildə şikayətə baxılarkən beş hakimdən ibarət kollegiya yekdil rəyə gələ bilməyib. Belə ki, 5 hakimdən ikisi Trampın məhkumluğunu ədalətli hesab edib, lakin cərimənin məbləği çox yüksək olub və bu, ABŞ Konstitusiyasını pozur. Daha iki hakim işin yenidən baxılmasının lehinə çıxış edib. Sonuncu, beşinci hakim belə qənaətə gəlib ki, ittihamlar tamamilə rədd edilməlidir.
“The New York Times” qəzetinin yazdığına görə, iş indi Nyu-York əyalətinin Ali Məhkəməsinə gedəcək və burada Donald Tramp yenə də saxtakarlıqda günahını etiraf etməyə cəhd edə bilər. İş ştatın yurisdiksiyasına aid olduğu üçün ABŞ prezidenti nə işdən imtina edə, nə də özünü əfv edə bilər.
Almaz Həsənli