Zelenskinin ofisi Ukraynanın razılaşdığı sülh şərtlərini açıqlayıb

Zelenskinin ofisi Ukraynanın razılaşdığı sülh şərtlərini açıqlayıb

16:02
Bəyəndim (2) Bəyənmədim (0)

Vladimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Myxaylo Podolyak “La Repubblica”-ya bildirib ki, Ukrayna hazırkı döyüş təmas xətti boyunca münaqişəni dondurmağa və bir sıra əraziləri de-fakto itirilmiş kimi tanımağa razıdır.
“Ukraynanın ilkin mövqeyi belədir: biz başa düşürük ki, bu müharibədən çıxmağın əsas ssenarilərindən biri cəbhə xətti boyunca münaqişənin dondurulmasıdır... Amma de-yure, onlar ukraynanın olaraq qalacaqdılar”, - deyə o bildirib.
O vurğulayıb ki, Ukraynanın israr etdiyi təhlükəsizlik zəmanətləri Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə yardımı da əhatə etməlidir. "Fundamental element Ukrayna ordusudur. Bu, böyük təcrübəyə malik veteranlar ordusudur. Amma təchizat, maddi dəstəyin təmin edilməsi məsələsi var. Çünki bu, güclü və çoxsaylı ordu olmalıdır. Deməli, gücləndirilmiş Ukrayna ordusu müdafiənin birinci xətti olacaq", - Podolyak deyib.
“The Wall Street Journal”, “Bloomberg”, “Financial Times”, “Reuters”-in məlumatına görə, Tramp Alyaska sammitindən sonra Zelenskiyə və Avropa liderlərinə deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının Donbassın bütün ərazisindən çıxarılmasında israr edir və bunun müqabilində o, Xerson və Zaporojya bölgələrində cəbhə xəttini dondurmağa, Sumi və Xarkov vilayətlərində rus qoşunlarının işğal etdiyi əraziləri Ukraynaya verməyə razıdır. “Bloomberg”-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp ərazilərlə bağlı qərarı Ukraynanın öhdəsinə buraxıb. Moskva bu məlumatı rəsmi şəkildə şərh etməyib.
Ukrayna qoşunlarının DXR, LXR, Zaporojya və Xerson vilayətləri ərazisindən çıxarılması Putinin ötən ilin yayında Kiyevlə sülh danışıqları üçün irəli sürdüyü şərtlərdən biridir. Bu ay Rusiya prezidenti bu şərtlərin dəyişmədiyini bildirib.

Almaz Həsənli