
Hindistan və Çin uzun fasilədən sonra uçuşları bərpa etmək barədə razılığa gəliblər
Çinin xarici işlər naziri Van Yinin Hindistana səfərindən sonra ölkələr mümkün qədər tez bir zamanda birbaşa uçuşları bərpa etmək barədə razılığa gəliblər. Oxuməni.az “gazeta.ru”-ya istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ölkələr həmçinin hər iki istiqamətdə turistlər, müəssisələr, media və digər ziyarətçilər üçün viza rejiminin sadələşdirilməsi barədə razılığa gəliblər.
“Hər iki tərəf çoxtərəfliliyi dəstəkləmək, əsas beynəlxalq və regional məsələlər üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər”, - bəyanatda deyilir.
Çin və Hindistan əməkdaşlığı gücləndirmək və fikir ayrılıqlarını düzgün həll etmək üçün ikitərəfli dialoq və mübadilələri bərpa etmək barədə razılığa gəliblər. Bundan əlavə, hər iki tərəf ticarət və investisiya axınının asanlaşdırılması barədə razılığa gəliblər.
2020-ci ildə koronavirus pandemiyası zamanı Çin və Hindistan arasında hava nəqliyyatı dayandırılıb. “Bloomberg” mənbələrə istinadən yazıb ki, danışıqlar 2025-ci ilin yanvarından davam edir, lakin iki ölkə arasında münasibətlərin pisləşməsi fonunda, xüsusən də Hindistan və Pakistan arasındakı münaqişə zamanı ləngiyib. Hava yollarının uçuşlara hazırlaşması ilə son iki həftə ərzində proses sürətlənib.
Almaz Həsənli