Ermənistan və İran Araz çayı üzərindən ikinci Norduz körpüsünün tikintisinə dair razılığa gəliblər

Ermənistan və İran Araz çayı üzərindən ikinci Norduz körpüsünün tikintisinə dair razılığa gəliblər

15:37
Bəyəndim (3) Bəyənmədim (0)



Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisinə dair razılığa gəliblər. Bu barədə İranın rəsmi nümayəndə heyətinin tərkibində İrəvanda olan İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq “Tasnim” agentliyinə müsahibəsində bildirib.
Sadiqin qeyd etdiyi kimi, Norduzda ikinci körpünün tikintisi, mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının təkmilləşdirilməsi, yük maşınları üçün rüsumlara yenidən baxılması ilə bağlı ilkin razılıqlar əldə olunub.
"Bu addımlar yükdaşıyanların işini asanlaşdıracaq və tamhüquqlu tranzit paketini formalaşdıracaq. Paket yaxın aylarda tamamlanacaq", - nazir bildirib.
Onun sözlərinə görə, dəmir yolu layihələrinə xüsusi diqqət yetirilir. Sadiq Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolu xəttinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. İranda yol artıq Culfaya çatır və Culfa-İrəvan marşrutu təsdiqlənib.
Bundan əlavə, tərəflər hava daşımaları sahəsində memorandum imzalamağa hazırlaşır. Ermənistanın dənizə çıxışı olmadığını nəzərə alsaq, liman infrastrukturu sahəsində əməkdaşlıq da gündəmdədir. Bu məqsədlə İranın cənubundakı Fars körfəzi və Oman dənizi sahillərindəki limanların logistik potensialından istifadə edilməsi planlaşdırılır.
"Bu təşəbbüslər İran, Ermənistan, Avropa və Şərqi Asiya arasında tranzitin inkişafı üçün möhkəm zəmin yaradacaq", - Sadiq qeyd edib.
Eyni zamanda, İrəvanda Fars körfəzi - Qara dəniz avtomobil və dəmir yolu dəhlizinin inkişafı haqqında saziş də razılaşdırılıb.
Almaz Həsənli