Alyaska sammiti Putin və Trampın üzbəüz danışıqları ilə başlayacaq

Alyaska sammiti Putin və Trampın üzbəüz danışıqları ilə başlayacaq

15:10
Bəyəndim (3) Bəyənmədim (0)



Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək danışıqlar “5+5” formatı üzrə keçiriləcək və prezidentlərin təkbətək söhbəti ilə başlayacaq.
Bu barədə cümə axşamı keçirilən brifinqdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Hər şeyin sabah, avqustun 15-də yerli vaxtla təxminən saat 11:30-da Vladimir Vladimiroviç Putinlə Donald Trampın danışığı ilə başlayacağı gözlənilir. Bu söhbət təkbətək formatda, təbii ki, tərcüməçilərin iştirakı ilə keçiriləcək", - Uşakov bildirib.
Onun sözlərinə görə, danışıqlarda prezidentlərdən başqa, nümayəndə heyətinin beş üzvü iştirak edəcək. Rusiya nümayəndə heyətinə Uşakovdan başqa, Rusiya Federasiyasının xarici işlər, müdafiə və maliyyə nazirləri Sergey Lavrov, Andrey Belousov və Anton Siluanov, habelə Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxildir.
Amerika tərəfi hələ ki, nümayəndə heyətinin tərkibini açıqlamayıb, lakin Uşakovun sözlərinə görə, Rusiya tərəfi bunu bilir.
Putin və Trampın təkbətək görüşündən sonra nümayəndə heyətlərinin üzvləri ilə birgə işçi səhər yeməyi formatında danışıqları davam etdirəcəklər. Görüşdən sonra Putin və Tramp media üçün birgə mətbuat konfransı keçirəcək. Uşakovun sözlərinə görə, sammitin əsas mövzusunun Ukraynadakı müharibə olacağı gözlənilir, “o cümlədən avqustun 6-da Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun iştirakı ilə keçirilən müzakirə də nəzərə alınmaqla”. "Lakin təbii ki, sülh və təhlükəsizliyin təmin edilməsi üzrə daha geniş vəzifələrə, həmçinin aktual və ən aktual beynəlxalq və regional problemlərə də toxunulacaq", - Uşakov bildirib.
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada görüş avqustun 15-i cümə günü Elmendorf-Riçardson hərbi bazasında baş tutacaq.
Almaz Həsənli