
ABŞ-da hava limanında iki təyyarə toqquşub, ölənlər var
ABŞ-ın Montana ştatının Kalispell Siti hava limanında uçuş-enmə zolağında iki təyyarə toqquşub, sonra onlardan biri yanıb. Bu barədə KBZK xəbər verir.
Bazar ertəsi, avqustun 11-də Kalispell Siti hava limanında (Montana, ABŞ) iki təyyarənin iştirakı ilə təyyarə qəzası baş verib. Kalispell yanğınsöndürmə xidmətinin rəisi Cey Hagenin sözlərinə görə, eniş edən kiçik təyyarədə texniki problemlər olub. Bu səbəbdən o, eniş meydanında olan digər təyyarə ilə toqquşub.
Zərbə hərəkətdə olan təyyarənin alışmasına səbəb olub. Hadisənin şahidləri partlayış səsi eşitdiklərini və uçuş-enmə zolağının üstündən qalın qara tüstünün qalxdığını gördüklərini bildiriblər.
Daha sonra alov sürətlə yaxınlıqdakı otlaq əraziyə keçib. Kalispell, Evergreen, Smith Valley və Whitefish yanğınsöndürmə və xilasetmə qrupları dərhal hadisə yerinə gəlib. Hadisə aeroportun fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub və qəza yerinin ətrafı polis tərəfindən mühasirəyə alınıb.
Hagenin sözlərinə görə, qəzaya uğrayan təyyarənin göyərtəsində dörd nəfər olub, onların hamısı təyyarəni özbaşına tərk edə bilib. Rəsmi məlumata görə, onlardan ikisi yaralanıb. Hadisə zamanı hərəkətsiz vəziyyətdə olan digər təyyarədə heç kim olmayıb. Qəzanın səbəbini artıq təhqiqatı nəzarətə götürən ABŞ Federal Aviasiya İdarəsi (FAA) müəyyən edəcək.
Əziz MUSTAFA