
Portuqaliya sentyabrda Fələstini tanımağı planlaşdırır
Portuqaliya Fələstinin mümkün tanınması istiqamətində ilk addımı atıb. Hökumət sentyabrda keçiriləcək BMT Baş Assambleyası ərəfəsində öz mövqeyini müəyyən etmək üçün dövlət rəhbərliyi və parlament partiyaları ilə rəsmi məsləhətləşmələrə başladığını elan edib. RPT xəbər verir ki, bu barədə Portuqaliyanın baş naziri Luis Monteneqro bildirib.
Hökumətin qərarı iyulun 28-dən 30-dək BMT-nin mənzil-qərargahında keçirilən Fələstin məsələsinin sülh yolu ilə həlli üzrə yüksək səviyyəli beynəlxalq konfrans fonunda qəbul edilib. Portuqaliya orada Fələstinin tanınması şərtlərini nəzərdən keçirən digər dövlətlərlə birlikdə iştirak etdi.
Hökumətin məlumatına görə, bu məsələdə Portuqaliya ilə dialoqu davam etdirən çoxsaylı dövlətlər Fələstin Administrasiyasının verdiyi təminatları, habelə bir çox ərəb ölkələrinin İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı müsbət mövqeyini nəzərə alaraq, tanınma prosesinə başlamağa hazır olduqlarını bildiriblər.
Bundan əlavə, qərara regionda vəziyyətin pisləşməsi, xüsusilə humanitar böhran və Fələstin ərazilərinin ilhaqı təhlükəsi səbəb olur.
Lissabon konfransda iştirak edən digər 15 ölkə ilə də birgə bəyanat imzalayıb və bu bəyanatda Fələstin dövlətini iki dövlətli həllin həyata keçirilməsinin elementi kimi tanımağa hazır olduğu bildirilir.
Hökumət vurğuladı ki, Fələstin Muxtariyyəti beynəlxalq konfransda təsdiqlənmiş tanınma prosesinin başlanması üçün zəruri olan əsas şərtləri yerinə yetirib.
Əziz Mustafa