Almaniya ruslara Şengen vizalarının verilməsini kəskin artırıb

Almaniya ruslara Şengen vizalarının verilməsini kəskin artırıb

1 Avqust 11:00
Bəyəndim (2) Bəyənmədim (0)

Almaniyanın Rusiya vətəndaşlarına verdiyi Şengen vizalarının sayı 2025-ci ilin birinci yarısında əhəmiyyətli dərəcədə artıb.Almaniya Xarici İşlər Nazirliyinin Focus jurnalının təhlil etdiyi məlumatlara görə, altı ayda 17,6 min viza verilib.

Mövcud tendensiya davam edərsə, ilin sonuna bu rəqəm 42,1 min icazənin verildiyi 2022-ci ilin “müharibədən əvvəlki səviyyəyə” çata və ya onu keçə bilər.

Dinamikada kəskin dalğalanmalar müşahidə olunur: 2021-ci ildə 26 min vizadan sonra 2022-ci ildə proses pik həddə çatdı, sonra 2023-cü ildə yarıdan çox azalma (20,8 min) oldu. 2024-cü ildə əksinə vizaların verilməsi prosesi sürətlənərək 27,3 minə çatdı. Eyni zamanda, artım yalnız turist vizalarına aiddir, digər kateqoriyalar isə kəskin azalma göstərir. 2022-ci illə müqayisədə ailənin birləşməsi üçün verilən vizaların sayı 9 mindən 1,3 minə, iş vizalarının sayı 8 mindən 1,1 minə düşüb. Etnik repatriasiya proqramları çərçivəsində tələbə vizalarının və icazələrin verilməsi də azalıb.

Alman nəşri dəyişikliklərin səbəblərini göstərmir, lakin qeyd edir ki, hazırda viza aktivliyinin artması davam edən geosiyasi məhdudiyyətlər fonunda baş verir.

Əziz Mustafa