Almaniyanın cənub-qərbində sərnişin qatarı relsdən çıxıb

Almaniyanın cənub-qərbində sərnişin qatarı relsdən çıxıb

28 İyul 07:40
Bəyəndim (4) Bəyənmədim (0)

Almaniyanın cənub-qərbindəki Biberax bölgəsində (Baden-Vürtemberq) sərnişin qatarı relsdən çıxıb. Bu barədə Ştutqart polisinin nümayəndələrinə istinadən Bild məlumat yayıb. Ən azı üç nəfər həlak olub, onlarla insan yaralanıb. Polisin məlumatına görə, Deutsche Bahn regional ekspressinin iki vaqonu relsdən çıxıb. Göyərtəsində 100 nəfərin olduğu qatar Siqmaringendən Ulmaya gedirmiş.

Ölən üç nəfərdən əlavə, ən azı 34 nəfərin də yaralandığı məlumdur.

Nəşr qeyd edir ki, qatarın bir hissəsi yan üstə aşıb, vaqonlardan birinin damına ciddi ziyan dəyib. Bir neçə vaqon tamamilə relsdən çıxıb və ağacların arasında olan meşəlik əraziyə yuvarlanıb.

Hazırda xilasedicilər vaqonlara baxış keçirir, hadisə yerinə polis və təcili tibbi yardım qüvvələri gəlib.

Bundan əvvəl Cənubi Ural Dəmir Yolunun mətbuat xidməti məlumat vermişdi ki, Kurqan vilayətinin Karqapolye stansiyasında qəza baş verib - 11 yük vaqonu relsdən çıxıb. Hadisə Kamensk-Uralski ilə Kurqan arasındakı hissədə baş verib. İlkin məlumata görə, itki yoxdur. Hadisə yerinə xilasedici qruplar göndərilib.

Həmin hissədə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. Qəzanın səbəbləri araşdırılır.

Əziz MUSTAFA