
Rusiya Federasiyasında bloger Sübxan Məmmədovu 10 ilə qədər həbs cəzası gözləyir
Blogger və müğənni Subo (əsl adı Sübxan Məmmədovdur) 10 ilə qədər həbs oluna bilər. Bu barədə “TASS” məlumat yayıb.
Subo Rusiya Cinayət Məcəlləsinin 198-ci maddəsinin 2-ci bəndinə (Vergiləri, rüsumları ödəməkdən və (və ya) sığorta haqqı ödəyicisi olan fiziki şəxsin sığorta haqqını ödəməkdən yayınması), habelə Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü bəndinə əsasən (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması (yuyulması)) ilə ittiham olunur.
Birinci maddə 200 mindən 500 min rubla (təx.4347-10869 manat.-red.) qədər cərimə, üç ilə qədər məcburi əmək və ya həbsi nəzərdə tutur. İkinci maddə 7 ilə qədər həbs və bir milyon rubla (təx.21738 manat.-red.) qədər cərimə nəzərdə tutur.
İstintaq iddia edir ki, Məmmədov, onun qardaşı və atası vergidən yayınma sxemi yaradıblar. Bloqqer ümumilikdə 50 milyon rubl (təx.1086900 manat.-red.) vergi ödəyə bilməyib. Həmin şəxslər cinayət yolu ilə 10 milyon rubla (təx.217380 manat.-red.) yaxın pul əldə edib və onlarla avtomobil alıblar. Hazırda müğənninin 20 milyon rubl (təx.434760 manat.-red.) məbləğində cərimə və cərimə borcu da var.
Almaz Həsənli