
PKK-nın tərksilahının sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır
Ankaranın qadağan etdiyi Kürdüstan Fəhlə Partiyasının (PKK) tərksilah prosesinin ən geci sentyabr ayına kimi başa çatdırılması planlaşdırılır.Bu proses Türkiyənin Milli İstihbarat Təşkilatı tərəfindən gecə-gündüz izləniləcək.
Oxuməni.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.
Buna əsasən, kürd yaraqlılarının silah təhvil verməsinin sonrakı mərhələləri mediada yayımlanmayacaq. Silahlar İraqın şimalında xüsusi ayrılmış ərazilərə təhvil veriləcək. Sıravi üzvlərdən fərqli olaraq, təxminən 250 nəfər olan PKK rəhbərliyinin Türkiyə ilə həmsərhəd olan İraq və Suriyada olmasına icazə verilməyəcək. Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələr dəqiqləşdirir ki, onlar üçüncü ölkələrə gedə biləcəklər, lakin onların kütləvi şəkildə orada yerləşdirilməsinə icazə verilməyəcək. 30 PKK yaraqlısından ibarət ilk qrup 11 iyulda tərksilah prosesi çərçivəsində silahlarını təhvil verib. Mərasim İraq Kürdüstanının tərkibinə daxil olan İraqın Süleymaniyyə vilayətində baş tutub.
Türkiyədə terror fəaliyyətinə görə ömürlük həbs cəzasını çəkən PKK lideri Abdullah Öcalan təşkilata bağlı bütün qrupları silahlarını yerə qoymağa və 2025-ci ilin fevralında Ankara ilə silahlı qarşıdurmaya son qoymağa çağırıb. May ayında partiya qurultay keçirərək, dağılmaq və respublika hakimiyyəti ilə 50 ilə yaxın davam edən qarşıdurmaya son qoymaq qərarına gəlib.
Almaz Həsənli