
Danimarkanın Baş naziri: Avropada müdafiə xərclərinin son 30 ildə azaldılması böyük səhv idi
Danimarkanın Baş naziri Mette Frederiksen Avropa Parlamentindəki çıxışında ölkəsinin Avropa İttifaqı Şurasına sədrliyi öncəsi rəsmi Kopenhagenin Aİ üçün prioritetlərini açıqlayıb.
“The Guardian” xəbər verir ki, Danimarkanın Baş naziri son 30 ildə Avropanın müdafiə xərclərini azaltmasının böyük səhv olduğunu bildirib. Onun sözlərinə görə, Danimarkanın Aİ-də sədrliyinin iki əsas prioritetinə nəzər salmaqla, Kopenhagen “təhlükəsiz Avropa” və “rəqabətli və yaşıl Avropa” siyasətlərinə diqqət yetirəcək.
Baş nazir qeyd edib: “İlk növbədə, öz təhlükəsizliyimiz üçün məsuliyyət daşımalıyıq. Son 30 il ərzində müdafiə xərclərini azaltmaq heç vaxt təkrar etməyəcəyimiz böyük bir səhv idi. Biz Şərqdən gələn təhlükəni qiymətləndirə bilmərik. Rusiyanın yenidən silahlanması o deməkdir ki, iki-beş il ərzində o, Avropa və NATO üçün real hərbi təhlükə yarada bilər. Bu təhlükəyə cavab vermək üçün indidən hərəkətə keçməliyik”.
O, həmçinin bildirib ki, Avropa 2030-cu ildən özünü müdafiə etməyə hazır olmalı və Ukraynadan “səmərəli müdafiə sənayesi” qurmağı öyrənməlidir.
Baş nazir açıq şəkildə bildirib ki, Avropa lazım olan müddətdə Ukraynanı hər cür dəstəkləməyə davam etməlidir.
Danimarkanın Baş naziri Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinin Aİ-yə daxil olmasına, bu kontekstdə İttifaqın genişlənməsinə dəstək verməyə çağırıb.
Danimarka iyulun 3-də rəsmi mərasimlə növbəti altı ay müddətində Aİ Şurasına sədrlik etməyə başlayıb. Bu ölkənin sədrlik proqramı “Dəyişən dünyada güclü Avropa” şüarı ilə qeyd olunur. Danimarkadan sonra Aİ Şurasına sədrlik Kiprə keçəcək.
Oxuməni.az