
Dövlət Duması Rusiyada xarici bayraqlardan istifadənin məhdudlaşdırılmasını təklif edib
“Ədalətli Rusiya” partiyasının lideri Mironov Rusiya Federasiyasında xarici bayraqlardan istifadənin məhdudlaşdırılmasını təklif edib. Bu barədə “Krovavoya barınya” Telegram kanalı məlumat yayıb.
Mironovun sözlərinə görə, digər dövlətlərin dövlət rəmzlərinin nümayiş etdirilməsi diasporlar tərəfindən çox vaxt yerli əhaliyə qarşı çıxmaq və etnik ədavəti qızışdırmaq üçün istifadə olunur.
"Hər kəs, istənilən yerdə istənilən dövlətin bayrağını və ya gerbini asa bilər - istər Ukrayna, istər ABŞ, istərsə də Azərbaycan - bu, qanunla qadağan edilmir. Bu, Rusiyada yaşayan, onunla birlik hiss etməyən, lakin başqa ölkə ilə birliyi, onun dəyər və məqsədlərini vurğulayanlar tərəfindən istifadə olunur", - Mironov paylaşıb.
O əlavə edib ki, Rusiyada məhdudiyyətsiz yalnız bir simvolikadan istifadə edilməlidir - Rusiya simvolikası.
Bundan əvvəl Mironov Moskva bazarlarında xarici diasporların yoxlanılmasını təklif etmişdi. Deputat baş prokuror İqor Krasnova diasporların və onlara bağlı strukturların, o cümlədən Moskvanın ən iri “Sadovod” və “Food City” bazarlarının yoxlanılması xahişi ilə müraciət ünvanlayıb.
Almaz Həsənli