
Türkiyə 5-ci nəsil qırıcısı üçün son raket əleyhinə müdafiə sistemini sınaqdan keçirib
Türkiyənin “Aselsan” şirkəti özünün “YILDIRIM-100” infraqırmızı təyinat başlıqlı zenit-raketdən müdafiə sistemini sınaqdan keçirib.
“Defence Express”in yazdığı kimi, sınaqlar zamanı sistem zenit raketinin vurmalı olduğu istilik hədəfi olan yer stendinə quraşdırılıb.
Qeyd olunur ki, sınaq üçün infraqırmızı təyinat başlığına malik naməlum portativ zenit-raket kompleksindən istifadə edilib. YILDIRIM-100 raketi buraxılan kimi onu aşkar edib və raketə şüa yönəldib, nəticədə raket hədəfi itirib və təsadüfi istiqamətdə uçub.
Nəşr yazır: "YILDIRIM-100 - yönəldilmiş infraqırmızı əks tədbirlər (DIRCM) sinfinə aid sistemdir, yəni zenit raketinin tuşlama başlığını kor etmək üçün xüsusi infraqırmızı lazer şüasından istifadə olunur. İlk baxışdan elə təəssürat yaranır ki, SSRİ-nin Əfqanıstan müharibəsi dövründən etibarən sovet Mi-24 helikopterlərinə quraşdırılan oxşar "Lipa" (L166V1A) sistemi artıq mövcud idi."
Analitiklər qeyd edirlər ki, əslində bunlar sinif baxımından iki fundamental fərqli sistemdir, çünki "Lipa" əslində sadəcə hər tərəfə işıq saçan və raketləri kor edən infraqırmızı projektordur və yalnız köhnəlmiş İQ-HHS-li zenit raketlərinə qarşı effektiv işləyirdi. Öz növbəsində, YILDIRIM-100 yönəldilmiş sistemdir və hətta müasir İQ-HHS-lərə qarşı da işləyir.
Bu sistemin gələcəkdə helikopterlərə və Türkiyənin 5-ci nəsil KAAN qırıcısına quraşdırılması planlaşdırılır. Ölkə onu mövcud köhnə nəsil təyyarələri əvəz etmək və əldə edə bilmədiyi Amerika F-35 qırıcısını əvəz etmək üçün hazırlayır.
Eyni zamanda, Amerika qırıcısı belə sistemlərlə təchiz olunmayıb, lakin ABŞ-ın öz analoqu var - AN / AAQ-24 (V), “Northrop Grumman”-ın elan etdiyi kimi, artıq 1500-dən çox təyyarədə quraşdırılıb.
Bundan əvvəl Türkiyədə “Roketsan” müdafiə şirkəti “Tayfun” ballistik raketinin üçüncü sınaq buraxılışını həyata keçirib. Qeyri-rəsmi məlumatlara görə, belə bir raketin uçuş məsafəsi 1000 kilometrə qədər ola bilər.
Almaz Həsənli