
Güclü daşqınlar Miteri körpüsünü dağıdıb
Nepalın şimalında iyulun 8-də səhər saatlarında güclü daşqın ölkəni Çinlə birləşdirən Miteri körpüsünü dağıdıb. Bu barədə “Kathmandu Post” qəzeti yazır.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Rasuqadhi sərhəd postu ərazisində 18 nəfər itkin düşüb. Onların arasında üç polis əməkdaşı, doqquz yerli sakin və altı Çin vətəndaşı da var.
Polis bildirib ki, daşqınlara Çin tərəfində yağan güclü yağış səbəb olub. Sel yerli gömrük idarəsini dağıdıb, doqquz yük konteynerini aparıb. Bir neçə nəfər xilas edilib, lakin suyun səviyyəsinin yüksək olması axtarış işlərini çətinləşdirir.
Timur səmtindəki elektrik avtomobili doldurma stansiyası və Rasuqadhi su elektrik bəndi də zədələnib. Pasanq-Lhamu avtomobil yolunun hadisə yerinə gedən hissəsi də zədələnərək xilasetmə avadanlığının çatdırılmasını çətinləşdirib.
Səlahiyyətlilər su səviyyəsinin qalxmağa davam etdiyi üçün sakinlərdən ayıq-sayıq olmağı xahiş edib.
Alimlər daha əvvəl xəbərdarlıq etmişdilər ki, iqlim dəyişikliyi ekstremal hava hadisələrinin tezliyini üç dəfə artırıb.
Əziz Mustafa