İsveç Ukraynada nüvə təhlükəsizliyini gücləndirmək üçün MAQATE-yə 1,8 milyon avro ayıracaq

İsveç Ukraynada nüvə təhlükəsizliyini gücləndirmək üçün MAQATE-yə 1,8 milyon avro ayıracaq

08:38
Bəyəndim (2) Bəyənmədim (0)

İsveç Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyalarına 20 milyon İsveç kronu ayıracaq. Vəsait Ukraynada nüvə təhlükəsizliyinin təmin edilməsi üçün ayrılıb. Bu barədə İsveç hökumətinin saytında yer alan məlumatda deyilir.

İsveç hökuməti qeyd edib ki, MAQATE-nin işinə dəstək İsveç hökumətinin Rusiyanın tammiqyaslı işğalı fonunda Ukraynaya yardım göstərməklə bağlı ümumi məqsədinə uyğundur.

"MAQATE-nin işi Ukraynanın atom elektrik stansiyalarının təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Buna görə də hökumət MAQATE-nin Ukraynada mövcudluğunu saxlaya bilməsi üçün əlavə dəstək vermək qərarına gəlib", - İsveçin xarici işlər naziri Mariya Malmör Stenerqard bildirib.

İsveçin töhfəsi ilk növbədə MAQATE ekspertlərinin Ukrayna və Çernobıldakı atom elektrik stansiyalarında iştirakının maliyyələşdirilməsinə yönəlib.

Bu yardım silahlı hücumlar riskinin azaldılmasına, nüvə təhlükəsizliyi və yayılmaması ilə bağlı peşəkar məsləhətlərin verilməsinə və beynəlxalq ictimaiyyət üçün qərəzsiz və müstəqil məlumatın təmin edilməsinə kömək edir.

Zaporijjya Atom Elektrik Stansiyası Ukrayna və Avropanın ən böyük atom elektrik stansiyasıdır. 2022-ci il martın 4-dən Rusiyanın işğalı altındadır.

Rus qoşunları bəzi obyektləri minalayıb və zavodun ərazisini hərbi bazaya çeviriblər.

Rus işğalçıları Zaporojjya AES-də mütəmadi olaraq təxribatlar törədir və dəfələrlə tam söndürülməsi təhlükəsi yaradırlar.

Əziz Mustafa, Oxuməni.az