
Gürcüstanda siyahıyaalmanın nəticələri: Borçalıda vəziyyət necədir?
Son onillikdə Gürcüstan əhalisinin artımı əsasən Tbilisi və Batumiyə axın hesabına baş verib, ölkənin əksər regionlarında isə sakinlərin sayında azalma qeydə alınıb. Oxuməni.az “Ngnewsgeorgia”ya istinadən xəbər verir ki, bu barədə “bm.ge” agentliyinin yaydığı məlumata görə, bu, əhalinin ümumi siyahıyaalınmasının ilkin məlumatlarında öz əksini tapıb.
“Sakstat”ın məlumatına görə, 2024-cü ildə Gürcüstanın əhalisi 3 milyon 914 min nəfər olub. Bu, 2014-cü ilin əvvəlki siyahıyaalınmasının nəticələri ilə müqayisədə 200 196 nəfər çoxdur. Əhalinin 53 faizini qadınlar, 47 faizini kişilər təşkil edir.
Ən böyük artımı Tbilisi göstərib - üstəgəl 221,4 min nəfər (+20%). Artım baxımından ikinci yeri 401,1 min nəfərin yaşadığı Acarıstan tutub ki, bu da on il əvvəlkindən 67 min nəfər çoxdur. Kvemo Kartli (Borçalı) (+14,4 min) və Mtsxeta-Mtianeti (+1,1 min) regionlarında da cüzi artım qeydə alınıb.
Digər bölgələrdə isə əhalinin sayı azalıb. İmereti ən çox əhalı itirib - mənfi 28,4 min nəfər (-5%). Sameqrelo-Zemo Svanetidə 21,7 min nəfər (-7%), Kaxetidə isə 17,2 min (-5%) azalıb. Quriyada əhali 11% azalaraq 100,8 min nəfərə düşüb.
Əhalinin siyahıyaalınması 2024-cü il noyabrın 14-dən dekabrın 31-dək aparılıb və mərkəzi hakimiyyət orqanlarının nəzarətində olmayan Abxaziya və Sxinvali bölgələri istisna olmaqla, ölkənin bütün ərazisini əhatə edib. Milli Statistika Xidməti "Sakstat" bu yay tam məlumatları dərc edəcək.
Almaz Həsənli