Mask Trampı partiya yaradacağı ilə hədələyib

Mask Trampı partiya yaradacağı ilə hədələyib

08:42
Bəyəndim (3) Bəyənmədim (0)

Amerikalı milyarder İlon Mask prezident Donald Trampın büdcə layihəsini növbəti dəfə tənqid edib və Konqresdə təsdiqlənəcəyi təqdirdə yeni siyasi qüvvə yaradacağını vurğulayıb. Bu barədə Mask X sosial şəbəkəsində yazıb. İş adamı öz şərhində Konqresi prezidentin vergilər və xərclər haqqında qanun layihəsini təsdiq etməməyə çağırıb.

"Dövlət xərclərinin azaldılması vədi ilə çıxış edən və sonra dərhal milli borcun tarixdə ən böyük artımına səs verən hər bir Konqres üzvü utanaraq başını aşağı salmalıdır", - Mask yazıb.

Daha sonra sahibkar daha bir yazıb ki, “dəlisov xərcləmə qanunu” qəbul olunarsa, o, “Amerika Partiyası” adlı yeni siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış edəcək. Elon Mask respublikaçıların təklif etdiyi qanun layihəsinə qəti şəkildə qarşı çıxır və onu “borc köləliyi” adlandırır. Onun fikrincə, sənəd dövlət borcunun artmasına səbəb olacaq.

ABŞ Konqresinin Büdcə Ofisinin hesablamalarına görə, Senatın qanun layihəsi yaxın on il ərzində büdcə kəsirini təxminən 3,3 trilyon dollar artıracaq. Müqayisə üçün qeyd edək ki, əvvəllər qəbul edilmiş qanun layihəsində həmin dövr ərzində kəsirin 2,4 trilyon dollar artırılması nəzərdə tutulur.

Bununla belə, respublikaçı senatorlar Trampın təşəbbüsünü müzakirə edərkən onu qeyri-rəsmi olaraq “Böyük, gözəl qanun layihəsi” adlandırıblar.

Qeyd edək ki, Maskın iyunun əvvəlində qanun layihəsini tənqid etməsi artıq biznesmenlə dövlət başçısı arasında kəskin ictimai qarşıdurmaya səbəb olub.

İyunun əvvəlində biznesmen Trampın vergi qanun layihəsini tənqid edərək, bunu “iyrənc” adlandırıb. Cavabında Tramp Muskdan məyus olduğunu bildirib, onun “Tramp sindromu” olduğunu irəli sürüb və sahibkarı “dəli” kimi xarakterizə edib.

Trampın seçki kampaniyasını dəstəkləmək üçün yüz milyonlarla dollar sərmayə qoyan Mask sosial şəbəkədə prezidenti nankorluqda ittiham edib və onun maliyyə yardımı olmasaydı, Trampın dövlət başçısı ola bilməyəcəyini vurğulayıb.

Münaqişənin qızğın vaxtında Tramp açıq şəkildə bəyan etdi ki, büdcə xərclərini azaltmağın ən effektiv yolu hökumətin Maskın şirkətləri ilə əməkdaşlığına son qoymaq olacaq.

İyunun 11-də Mask tonunu qismən dəyişdi və prezidentlə bağlı tənqidi açıqlamalarını “şişirtdiyini” etiraf etdi.

İyunun 12-də mətbuatda iş adamının ən yüksək səviyyədə bir sıra zənglərdən sonra prezidentin ünvanına tənqidi fikirlərini yumşaltması xəbəri yayılıb.

Əziz Mustafa