Kanada  ERA təşəbbüsü çərçivəsində Ukraynaya 1,7 milyard dollar verib

Kanada ERA təşəbbüsü çərçivəsində Ukraynaya 1,7 milyard dollar verib

1 İyul 15:25
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna ERA təşəbbüsü çərçivəsində Kanadadan təxminən 1,7 milyard dollar alıb. Bunlar dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilən vəsaitlərdir

Bu barədə baş nazir Denis Şmıxal Telegram-da yazıb.

"Tərəfdaşlarımızla birlikdə biz Rusiyanı onun törətdiyi cinayətlərin və dağıntıların əvəzini ödəməyə məcbur edirik. İlin əvvəlindən son tranşı nəzərə alsaq, immobilizasiya olunmuş Rusiya aktivlərindən təxminən 17,6 milyard dollar əldə etmişik", - Şmıxal yazıb.

Baş nazir həmçinin Kanadaya və bu proqramda əməyi olan hər kəsə təşəkkür etdi. O, həmçinin dondurulmuş Rusiya vəsaitlərinin tam müsadirə edilməsində israrlıdır.

"Onlar təcavüz qurbanlarına təzminat ödəmək və dövlətimizi bərpa etmək üçün lazımdır. Bu həm də gələcəkdə təcavüzkar müharibələrin qarşısını almaq üçün ədalət aktı olacaq", - baş nazir bildirib.

Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayandan sonra Qərb ölkələri Rusiya Federasiyası Mərkəzi Bankına məxsus təxminən 300 milyard dolları dondurdular. Bu aktivlərin əsas hissəsi Avropada, ilk növbədə Belçikada yerləşən Euroclear sistemində saxlanılır. Sanksiyalar Rusiya dövlət şirkətlərinin və məhdudiyyətlər altında olan şəxslərin əmlakına da təsir edib.

Əziz Mustafa, Oxuməni.az