
Zelenski Rusiyanı “Avropada hərbi əməliyyatlar hazırlamaqda” ittiham edib
Rusiyanın Avropada “yeni hərbi əməliyyatlar” hazırladığı iddia edilir. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında bildirib.
"Bizim sübutlarımız var ki, onlar Avropada yeni hərbi əməliyyatlar hazırlayırlar", - o qeyd edib.
Kiyev Ukrayna kəşfiyyatının əldə etdiyi faktlar barədə Qərb tərəfdaşlarını məlumatlandıracaq, Zelenski vurğulayıb.
“Biz müdafiə sahəsində, xüsusən də Britaniya və Avropa İttifaqı ilə birlikdə birgə qərarlar hazırlayırıq”, - deyə Ukrayna lideri əlavə edib.
İyunun 18-də Rusiya prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə Rusiyanın Avropa ölkələrinə və NATO-ya hücum planlaşdırması ilə bağlı xəbərləri yalan və cəfəngiyyat adlandırıb.
"Rusiyanın Avropaya, NATO ölkələrinə hücum edəcəyi ilə bağlı əfsanə - bu, Qərbi Avropa ölkələrinin əhalisini inandırmağa çalışdıqları eyni inanılmaz yalandır", - o qeyd edib.
Əziz Mustafa, Oxuməni.az