
ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə obyektlərinə zərbələr endirib
ABŞ prezidenti Donald Tramp ölkənin Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini bildirib. Onun sözlərinə görə, bombardmanda iştirak edən təyyarələrdən biri Fordo uran zənginləşdirmə zavoduna “tam dolu bomba” atıb. Fordo ilə yanaşı Natanz və İsfahandakı obyektlərə də hücum edilib. Beləliklə, ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatına qoşuldu.
"Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar. Böyük amerikalı döyüşçülərimizi təbrik edirik. Dünyada bunu edə biləcək ikinci hərbçi yoxdur", - o, "Truth" sosial şəbəkəsində yazıb. Cənab Tramp əlavə edib ki, “indi sülh zamanıdır”.
“The New York Times” xəbər verir ki, Ağ Ev televiziya kanallarına prezidentin daha sonra xalqa müraciət edəcəyi barədə məlumat verib. Qəzetin mənbəyə istinadən verdiyi məlumata görə, Fordoya zərbələr endirmək üçün bir neçə Amerika B-2 bombardmançısından istifadə edilib. Axios partlayışı Yaxın Şərqdə tarixi eskalasiya adlandırır.
Bundan əvvəl prezident ABŞ-ın İranla birbaşa qarşıdurmaya girə biləcəyini etiraf edib.
Əziz Mustafa