Cənubi Afrikada dağıdıcı daşqınlardan sonra  milli fəlakət elan edilib

Cənubi Afrikada dağıdıcı daşqınlardan sonra milli fəlakət elan edilib

21 İyun 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Afrika hakimiyyəti ölkənin ən yoxsul əyalətlərindən biri olan Şərqi Keypdə dağıdıcı daşqınlardan sonra rəsmi olaraq milli fəlakət elan edib, Associated Press xəbər verir.

Təbii fəlakət iyunun 19-da bölgədə baş verib. Güclü yağış, şaxtalı külək və qar yolları su basıb, evləri, məktəbləri və digər infrastrukturu dağıdıb. Bir çox ərazilər rabitəsiz və işıqsız qalıb.

Əyalət icra şurasının üzvü Zolile Uilyamsın sözlərinə görə, 92 nəfər ölüb, bəzi cəsədlər hələ də tapılmayıb.

"Fəlakət Şərqi Keypdə baş verəndən bəri biz eyni deyilik. Bu, əyalətimizin indiyə qədər gördüyü ən pis hadisədir", - o, anım mərasimində deyib.

Mthatha şəhərində əyalət matəm günü keçirilib. Daşqınlardan sağ çıxan azsaylı təhsil müəssisələrindən biri olan Kral Sabatha Dalindyebo Kollecində anım mərasimi keçirilib. Yüzlərlə insan, o cümlədən müxtəlif konfessiyaların xristian kilsələrinin nümayəndələri həlak olanların xatirəsinə şam yandırıblar.

Yerli medianın məlumatına görə, itkin düşənlər arasında avtobusla birlikdə sel suları tərəfindən aparılmış ən azı iki məktəbli də var. Xilasedicilər faciənin miqyasının daha dəqiq qiymətləndirilməsi üçün yerli sakinləri itkin düşmüş şəxslər barədə məlumat verməyə çağırır.

Əziz Mustafa, Oxuməni.az