
Avstraliya İrandakı səfirliyini Azərbaycana təxliyə edir
Avstraliya təhlükəsizlik vəziyyəti ilə əlaqədar Tehrandakı səfirliyində fəaliyyətini dayandırır. “Reuters” xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq bildirib.
Penni Vonq qeyd edib ki, ölkəsinin müdafiə personalı və təyyarələri hava məkanı açıldığı zaman vətəndaşların və diplomatların təxliyəsi halında Yaxın Şərqə göndərilib. XİN rəhbərinin sözlərinə görə, onlardan döyüş üçün istifadə edilməyəcək.
Vonq mətbuat konfransı zamanı deyib: " İranda çox qeyri-sabit təhlükəsizlik vəziyyəti var... İğtişaşlar zamanı İranda xarici rəsmilərin riskini anlamaq üçün tarixə qayıtmaq lazım deyil".
Avstraliyanın konsulluq işçiləri İranı tərk edən həmvətənlərinə dəstək olmaq üçün qonşu Azərbaycana göndəriləcək.
"Hazırda biz Tehrandan ən çox çıxış nöqtəsi olan bu sərhədə çatan hər hansı avstraliyalıya kömək etmək üçün Azərbaycanda böhran qrupu yaradırıq", - Vonq əlavə edib.
Rəsmi məlumatlara görə, İranda yaşayan 2000-ə yaxın avstraliyalı və ailələri ölkəni tərk etmək üçün kömək istəyib. Avstraliyanın İrandakı səfiri İan Makkonvil hökumətin reaksiyasını dəstəkləmək üçün regionda qalacaq.
Vonq bildirib ki, o, ABŞ dövlət katibi Marko Rubio ilə münaqişəni müzakirə edib. ABŞ-ın münaqişəyə qoşulmaq qərarına gələrsə, Rubionun Avstraliyadan hərbi dəstək istəyib-istəmədiyi sualına Vonq belə cavab verib: “Belə bir tələb olmayıb”.
Almaz Həsənli