Putin Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb

Putin Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb

11:16
Bəyəndim (2) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşündə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə hazır olduğunu, lakin onun hüquqi legitimliyinə şübhə etdiyini bildirib. Veriliş “RBC” tərəfindən yayımlanıb.
“Biz görüşməyə hazırıq... Mən hər kəslə, o cümlədən Zelenski ilə görüşməyə hazıram... Əgər Ukrayna dövləti danışıqların aparılması üçün kiməsə inanırsa, Allah xatirinə, bu, Zelenskiylə olsun”, - Putin jurnalistlərlə söhbətində deyib.
Putinin sözlərinə görə, əsas məsələ sənədləri kimin imzalayacağıdır. O, yenidən Zelenskinin "qeyri-qanuni" olması barədə danışıb.
Üstəlik, Putin Kiyevin Moskva ilə danışıqlardan imtina edəcəyi təqdirdə "Ukraynanın vəziyyətini pisləşdirəcəyi" ilə hədələyib.
"Əgər onlar danışıqlar aparmasalar, vəziyyət yenə də dəyişə bilər, onlar üçün pisə doğru. Bunu uzatmağa ehtiyac yoxdur. Biz oturub danışıqlar aparmalıyıq", - Kreml rəhbəri bildirib.
Putin həmçinin əmin edib ki, Rusiya guya “Ukraynada hərbi əməliyyatlara son qoymağa çalışır”. O əlavə edib ki, Ukrayna və Rusiya tərəfləri arasında danışıqların yeni mərhələsi iyunun 22-dən sonra keçirilə bilər.

Almaz Həsənli