
Ukrayna Haaqada NATO-ya üzv olmaq üçün dəvət almayacaq
Gələn həftə Haaqada keçiriləcək sammitdə Ukrayna çətin ki, NATO-ya üzv olmaq üçün dəvət alsın. Bu məsələ gündəmdə deyil. Bu barədə RBC-Ukrayna Litvanın xarici işlər naziri Kestutis Budrisə istinadən məlumat yayıb.
“Bu məsələ qətiliklə NATO-nun gündəmində deyil və biz ukraynalıların öz dilindən eşitmədiyimiz kimi, heç kim Haaqaya dəvətlə bağlı hər hansı gözlənti formalaşdırmayıb",-deyə nazir bildirib.
Litvalı nazirin sözlərinə görə, istər Vaşinqton sammitində, istərsə də Haaqada keçiriləcək görüşdə innovativ qərarların olacağına dair heç bir gözlənti yoxdur. Litva Xarici İşlər Nazirliyinin rəhbəri hesab edir ki, sammitin diqqətini Ukraynaya yönəltmək və NATO ölkələri ilə Moskvanın təcavüzünə qarşı mübarizə aparan Kiyevin eyni təhlükəsizlik məkanında olduğunu vurğulamaq vacibdir.
Budris həmçinin bildirib ki, Litva Alyansın birliyini və ABŞ-ın kollektiv çəkindirmə və müdafiədə rolunun vacibliyini vurğulayacaq və diqqəti Ukraynaya və Rusiyadan gələn birbaşa təhlükə məsələsinə yönəldəcək.
Nazirin sözlərinə görə, Haaqada mühüm məsələ müdafiə xərclərinin artırılması olacaq, çünki ABŞ prezidenti Donald Tramp müttəfiqlərinə müdafiə xərclərini ÜDM-in 5%-nə qədər artırmaq üçün təzyiq edir. Həmçinin müzakirə olunacaq mövzular arasında İran-İsrail münaqişəsi də olacaq.
Xatırladaq ki, NATO-nun sammiti iyunun 24-25-də Haaqada (Hollandiya) baş tutacaq. Sammit çərçivəsində Ukrayna-NATO Şurasının iclası da olacaq. Prezident Vladimir Zelenski Haaqada keçiriləcək sammitə dəvət olunub.
Əziz Mustafa