
Monqol İmperiyasının köhnə paytaxtı Xarhorum yenidən dirçəldilir
Monqol İmperiyasının köhnə paytaxtı olan yeni Xarhorum (Karakorum) şəhərinin yenidən qurulmasına başlanılıb. Bu barədə ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Yeni şəhərin qurulmasına başlanılması ilə bağlı açılış mərasimində çıxış edən Monqolustan Prezidenti Xurelsux Uxnaa deyib ki, böyük Orxon çayı vadisində Xarhorini bərpa edərkən yazılı mənbələrə, arxeoloji tapıntılara və sübutlara əsaslanaraq onun 800 ildən çox əvvəlki obrazını və Böyük Xanların gücünü təcəssüm etdirmək lazımdır. Bundan əlavə, dövlət başçısı iri tikinti layihələrinin, o cümlədən avtomobil və dəmir yollarının, hava limanlarının, istilik və elektrik enerjisi mənbələrinin, tullantıların emalı zavodlarının, təmizləyici qurğuların, şəhər yaşıllıq parklarının, kənd təsərrüfatı klasterlərinin tikintisi, çay və göllərin bərpası kimi layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Plana əsasən, şəhərin hər yerində yaşıllıq parklarının salınması, 1500 hektar sahədə 1 milyondan çox iynəyarpaqlı və yarpaqlı ağac və kolların əkilməsi və yetişdirilməsi nəzərdə tutulur.
40 dövlət və özəl qurumdan, o cümlədən mədənçıxarma və ağacəkmə şirkətlərindən 800-dən çox insan son ay yarım ərzində 550 mindən çox ağac əkib. Təkcə Böyük Xanlar bağında dövlət və özəl sektor birgə 11 min ağac əkib. Bundan əlavə, 13 min kvadratmetr avtomobil dayanacağı və 11 min kvadratmetr piyada səkiləri tikilib, işıqlandırma, quyu və suvarma işləri aparılıb.
Yeni Xarhorum şəhərinin 500 000 insanın yaşadığı, 285 000 iş yerinin yaradılacağı və şəhərin regional inkişafı dəstəkləyəcəyi gözlənilir. Bundan başqa, onun hökumətin, inzibati orqanların, beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik nümayəndəliklərinin, eləcə də inkişaf etmiş sosial, tibbi, infrastruktur, yüksək texnologiyalı sənaye, mənzil-məişət, mədəniyyət, incəsənət, turizm, yaşıllıq sahələri və digər xidmətlərin olduğu ağıllı şəhər olması planlaşdırılır.
Şəhərin ümumi ərazisinin 50 faizi yaşıllıqlara, 30 faizi binalara, 20 faizi isə yollara ayrılacaq. Yeni Xarhorum şəhəri cəmiyyətə, iqtisadiyyata, vətəndaşların həyatına və sağlamlığına mənfi təsir göstərən əhali klasterlərinin, o cümlədən tıxacların, havanın, suyun və torpağın çirklənməsinin aradan qaldırılmasına, o cümlədən sağlam və təhlükəsiz mühitdə yaşamaq üçün şəraitin yaradılmasına, əsas sosial xidmətlərin göstərilməsinə və yeni yaşayış massivlərinin yaradılmasına mühüm töhfə verəcək.
Monqolustanın Dövlət Böyük Xuralı Xarhorum şəhərinin planlaşdırılmasına, tikintisinə və inkişafına dəstək haqqında qanunu təsdiq etdi və hökumət Xarhorum şəhərinin qubernatorluğunu, Şəhər Şurasını və Alimlər Şurasını yaratdı.
Hazırda Böyük Xanlar bağı və İnformasiya Təbliğat Kompleksi tikilir. Həmçinin Xoqşin Orxon çayının, Xeltqiy-Tsaqaan gölünün və qədim paytaxtın xarabalıqlarının bərpası istiqamətində işlər aparılır və şəhərin baş planı həyata keçirilir.
Orxon çayı vadisində şəhərin yaranması ilə əlaqədar olaraq Ovorxanqay və Arxanqay vilayətlərinin ərazilərində xüsusi dövlət ehtiyacları üçün 189 min hektar torpaq sahəsi alınmışdır.
Əziz Mustafa