MAQATE İranı nüvə öhdəliklərini pozmaqda ittiham edir

MAQATE İranı nüvə öhdəliklərini pozmaqda ittiham edir

13 İyun 07:42
Bəyəndim (3) Bəyənmədim (0)

MAQATE-nin Rəhbərlər Şurası İranın nüvə silahının yayılmaması prinsipi ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etmədiyini qeyd edən qətnaməni təsdiqləyib. Tehran buna cavab olaraq uranı zənginləşdirməyə davam edəcəyini bildirib. Bu barədə Bloomberg və Mehr Xəbər Agentliyi məlumat yayıb.
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın təqdim etdiyi qətnamənin lehinə 19 səs, 11 nəfər bitərəf qalıb, üç dövlət - Rusiya, Çin və Burkina Faso isə əleyhinə səs verib.

Qətnamənin mətnində MAQATE-nin mayın 31-də üzv dövlətlərə göndərilmiş hesabatı əsasında İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəliklərini pozduğu bəyan edilir.
Hesabatda İranın nüvə silahı istehsalı ilə bağlı koordinasiya edilmiş gizli fəaliyyətlərinin mövcudluğu göstərilib.

Qeyd olunur ki, MAQATE-nin qətnaməsi İran və ABŞ arasında Tehranın nüvə proqramına yeni məhdudiyyətlərin tətbiqinə yönəlmiş onsuz da uğursuz danışıqları çətinləşdirə bilər.

MAQATE artıq 2005-ci ilin sentyabrında İranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozduğunu bəyan edib və bunun nəticəsində ölkəyə qarşı sanksiyalar tətbiq edilib.
İran MAQATE-nin Rəhbərlər Şurasının Tehranı nüvə proqramına görə qınayan tənqidlərinə cavab olaraq uranın zənginləşdirilməsi üzrə yeni obyekt tikəcəyini bildirib. İranın Atom Enerjisi Təşkilatının bəyanatında deyilir ki, yeni qurğu qeyri-müəyyən “təhlükəsiz yerdə” yerləşəcək və mövcud Fordo obyektindəki uranın zənginləşdirilməsi cihazlarını daha yeniləri ilə əvəz edəcək.

İran prezidenti Məsud Pezeşkian MAQATE-nin qətnaməsini “zərərli” adlandırıb.

O, İranın nüvə fəaliyyətlərini davam etdirmək əzmində olduğunu bir daha vurğulayaraq, ölkənin artan təzyiqlərə baxmayaraq uranı zənginləşdirmək hüququndan əl çəkməyəcəyini bildirib.

"Biz yolumuzu davam etdirəcəyik. Zənginləşmə davam edəcək və indiki tendensiyadan geri çəkilməyəcəyik", - İran prezidenti bildirib.

Pezeşkian qeyd edib ki, İranın nüvə biliyi dərin köklərə malikdir və hərbi əməliyyatlarla məhv edilə bilməz.

"Obyektlərimizi bombalasalar belə, imkanlarımız beynimizdə qalacaq. Nəyi məhv etsələr də, biz yenidən quracağıq", - o əlavə edib.
Xatırladaq ki, BMT-nin bu ilin may ayında dərc etdiyi hesabata əsasən, İran uran istehsalını xeyli artırıb. Bu cür fəaliyyət ciddi narahatlıq doğurur və yeni nüvə təhlükəsini göstərə bilər.

MAQATE-nin hesabatında İranın hazırda “nüvə silahı olmayan və bu cür material istehsal edən yeganə dövlət” olduğu və agentliyin “ciddi narahatlıq doğurduğu” bildirilən sərt xəbərdarlıq da yer alıb.

Nəzarətçinin fikrincə, 60%-ə qədər zənginləşdirilmiş 42 kiloqrama yaxın uran nəzəri cəhətdən 90%-ə qədər zənginləşdirilərsə, bir atom bombası istehsal etmək üçün kifayətdir.

İran nüvə proqramının yalnız dinc məqsədlər üçün olduğunu iddia edir, lakin MAQATE-nin rəhbəri Rafael Mariano Qrossi Tehranın istəsə, “bir neçə” nüvə bombası hazırlamaq üçün silah səviyyəsinə yaxın zənginləşdirilmiş uranın olduğunu xəbərdar edib.

Qeyd edək ki, İran rəsmilərinin özləri də getdikcə Tehranın nüvə bombası yaratmaq niyyətində ola biləcəyinə eyham vururlar.

ABŞ kəşfiyyat agentlikləri qiymətləndirir ki, İran hələ silah proqramına başlamamışdır, lakin “əgər bunu etmək istəsə, nüvə silahı istehsal etmək mövqeyini yaxşılaşdıran fəaliyyətlər həyata keçirmişdir”.

Əziz Mustafa