
Xamenei: Biz uranın zənginləşdirilməsindən əl çəkməyəcəyik
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın nüvə sazişi təklifinin Tehranın milli maraqlarına zidd olduğunu və ölkənin uranın zənginləşdirilməsindən əl çəkməyəcəyini bildirib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“ABŞ-ın nüvə sazişi təklifi bizim güc prinsipimizə 100 faiz ziddir”, - Xamenei Vaşinqtonun son diplomatik təşəbbüslərini şərh edərkən deyib.
O, uranın zənginləşdirilməsi proqramının İran üçün kritik əhəmiyyətini vurğulayıb.
"Bizim uranı zənginləşdirməmiz nüvə proqramında əsas vasitədir. Biz ondan əl çəkməyəcəyik, onsuz proqram faydasızdır", - İran lideri bildirib.
O, həmçinin qeyd edib ki, “müstəqillik o deməkdir ki, Amerikadan və buna bənzərlərdən yaşıl işığı gözləmək lazım deyil”.
Xatırladaq ki, uranın zənginləşdirilməsi məsələsi ABŞ və İran arasında danışıqlarda maneəyə çevrilib. “Reuters” yazır ki, İranın ABŞ-ın təklifinə rəsmi cavabı mənfi olacaq.
Almaz Həsənli