
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı öldürülüb
İsrailin Vaşinqtondakı (Kolumbiya dairəsi) səfirliyinin iki əməkdaşı çərşənbə günü axşam saatlarında paytaxtın Yəhudi Muzeyi yaxınlığında öldürülüb, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem bildirib.
Noem X sosial şəbəkəsində yazıb: “İsrail səfirliyinin iki əməkdaşı bu axşam Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında mənasız şəkildə öldürülüb”.
"Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün işləyirik,"-o qeyd edib.
“NBC News” yüksək vəzifəli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, naməlum silahlı şəxs atəş açaraq bir kişi və bir qadını öldürüb.
Telekanalın mənbələrinin məlumatına görə, həbs olunarkən həmin şəxs “Fələstini azad edin” deyə qışqırıb.
Atəş açan şəxsin kimliyi hələ müəyyən edilməyib.
“Times of Israel” qəzetinin mənbəsinin verdiyi məlumata görə, atışma zamanı muzeydə Amerika Yəhudi Komitəsinin tədbiri keçirilirdi.
İsrailin BMT-dəki səfiri Denni Danon atışmanı “antisemit terrorizmin iyrənc hərəkəti” adlandırıb.
"Diplomatlara və yəhudi icmasına zərər vurmaq qırmızı xətti keçir. Əminik ki, ABŞ hakimiyyəti bu cinayət əməlinə görə məsuliyyət daşıyanlara qarşı qəti addımlar atacaq", - o, X sosial şəbəkəsində yazıb.
“ABC News” xəbər verir ki, hazırda FTB-nin Terrorla Mübarizə üzrə Birgə İşçi Qrupu insidentlə bağlı araşdırma aparır.
Almaz Həsənli