
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların ləğvi prosesinə başlayıb. Bu barədə idarənin rəhbəri Skott Bessent X sosial şəbəkəsində məlumat verib.
O, Vaşinqtonun ölkədəki vəziyyəti sabitləşdirmək və “Suriyaya sülhə doğru irəliləməsinə kömək etmək” üçün belə tədbirlər gördüyünü izah edib.
ABŞ prezidenti Donald Tramp mayın 13-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda çıxışı zamanı Bəşər Əsədin hakimiyyəti dövründən bəri Suriyaya qarşı tətbiq edilən Amerika sanksiyalarını ləğv etmək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, məhdudiyyətlərin aradan qaldırılması ölkəyə “çiçəklənmək şansı” verəcək. O, qərarın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla məsləhətləşmələrinin nəticəsi olduğunu vurğulayıb.
Martın 25-də “Reuters” altı mənbəyə istinadən xəbər verib ki, Vaşinqton Suriya rəhbərliyinə şərtlər siyahısı verib və onların yerinə yetirilməsi Amerikanın Dəməşqə qarşı sanksiyalarının qismən yumşaldılmasına gətirib çıxara bilər.
Əsas şərtlər arasında: kimyəvi silahın bütün qalan ehtiyatlarının məhv edilməsi, terrorizmlə mübarizədə əməkdaşlıq və xarici vətəndaşların Suriya hökumətində rəhbər vəzifələr tutmasının qarşısının alınması. Mənbələrin bildirdiyinə görə, son aylarda bir neçə əcnəbi keçmiş döyüşçü Suriya Müdafiə Nazirliyinə təyin edilib və bu, Qərb hökumətlərini narahat edir.
Almaz Həsənli