
Zelenski bildirib ki, Moskva paradına Çinin xahişi ilə toxunulmadı
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna ordusu Çinin istəyi ilə mayın 9-da Moskvada keçiriləcək parada hücum etmək planından əl çəkib. Onun sözlərinə görə, Ukrayna tərəfi Pekindən Kiyevin təklif etdiyi 30 günlük atəşkəs rejiminə dəstək ifadə edən siqnallar alıb.
“RBC-Ukrayna” bu barədə mətbuat konfransı zamanı prezident Vladimir Zelenskiyə istinadən məlumat yayıb.
“Biz Çindən siqnallar almışıq ki, onlar İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünün qeyd edilməsi zamanı bir çox liderlərin, o cümlədən Çinin də olacağı regionda təhlükəsizliyin təmin olunmasını ədalətli hesab edirlər”, - Zelenski bildirib.
O vurğulayıb ki, Ukrayna “həmişə vəd etdiyi şeyi edir”. Onun sözlərinə görə, Rusiya tərəfinin bəyanatlarına baxmayaraq, 9 may paradına hücum olmayıb.
“Rusiyanın təbliğatına baxmayaraq, onların mayın 9-da keçirilən paradına heç bir hücum olmayıb”, - deyə Zelenski bildirib.
Aprelin sonunda Rusiya prezidenti Vladimir Putin Ukraynaya mayın 8-dən 10-dək üç günlük atəşkəs təklif etdi. Kiyev bu təklifi rədd edərək Moskvanı real atəşkəs əvəzinə “parad üçün səssizliyə” nail olmağa çalışmaqda ittiham etdi. Zelenski cavab olaraq birbaşa danışıqlara başlamaq üçün 30 günlük atəşkəs tələb edib.
Mayın 9-u ərəfəsində Ukrayna hakimiyyəti, o cümlədən Zelenski Moskvaya hücumların mümkünlüyünə icazə verdi. Mayın 7-də Rusiya paytaxtına pilotsuz təyyarələr tərəfindən hücum edilib və bu, hava limanlarının müvəqqəti bağlanmasına və nəqliyyatın dayandırılmasına səbəb olub.
Almaz Həsənli