
Tramp danışıqlar üçün İstanbula uça bilər
ABŞ prezidenti Donald Tramp mayın 15-də İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarında şəxsi iştirakını mümkün hesab edib. Amerika lideri qarşıdan gələn görüşü “çox vacib” adlandırıb.
"Mən Yaxın Şərqdə bir yerdə olacağam, amma faydalı olduğunu düşünsəm, İstanbula uça bilərəm", - Tramp Oval kabinetdə deyib.
Amerika lideri görüşlə bağlı nikbin olduğunu bildirib və onun təşkilində fəal rol oynadığını vurğulayıb: "Mən bu danışıqların aparılmasında israrlı idim. Düşünürəm ki, onlar yaxşı nəticələr verə bilər. Bu görüşü qiymətləndirməyin, prezident Ərdoğan [tədbirin] böyük ev sahibi olacaq".
Tramp Türkiyə prezidenti ilə məsləhətləşmələrdən sonra Suriya məsələsini də nəzərdən keçirdiyini bildirib. "Biz Suriya məsələsində prezident Ərdoğanla işləyirik və sanksiyalarla bağlı qərarımız var. Biz Suriyaya qarşı sanksiyaları ləğv edə bilərik, çünki onlara yeni bir başlanğıc imkanı vermək istəyirik", - deyə dövlət başçısı bildirib.
ABŞ prezidenti həmçinin digər xarici siyasət uğurlarından da danışıb – Çinlə münasibətlərin “sıfırlanması”, o cümlədən tariflərin 90 gün müddətinə müvəqqəti azaldılması və ABŞ-ın “tam və dərhal atəşkəsin” təmin edilməsinə kömək etdiyi Hindistan və Pakistan arasında “nüvə müharibəsinin” qarşısının alınması.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda ilkin şərt olmadan Ukrayna ilə birbaşa danışıqların bərpasını təklif edib. O, bu danışıqların məqsədini “münaqişənin əsas səbəblərini aradan qaldırmaq” və “tarixi perspektivdə uzunmüddətli, davamlı sülhün bərqərar edilməsinə doğru irəliləmək” kimi təsvir edib.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev bazar ertəsi döyüşlərin dayandırılacağını gözlədiyini və cümə axşamı günü İstanbulda Putini “şəxsən” gözləyəcəyini vəd edib.
Almaz Həsənli