
Tripolidə silahlı qruplar arasında döyüşlər başlayıb
Liviyanın paytaxtı Tripolidə silahlı qruplar arasında döyüşlər başlayıb. Hərbi texnika şəhərin küçələrinə çıxarılıb, mülki təyyarələrin təxliyyəsinə başlanılıb. Bu barədə Liviya mətbuatı xəbər verir.
Liviya Milli Razılıq Hökumətinin Xarici İşlər Nazirliyi Tripoli sakinlərindən "təhlükəsizliklərini təmin etmək üçün evlərini tərk etməməyi və küçələrə çıxmamağı" xahiş edib.
Qeyd olunur ki, atışma paytaxtın müxtəlif yerlərində eşidilib. Təsdiqlənməmiş məlumatlara görə, Misrata və Tripolidən olan qüvvələr arasında döyüşlər gedir. Mitiqa hava limanında (Tripolidən təqribən 8 km aralıda) təyyarələrin təxliyə edildiyi barədə də xəbərlər var.
Libia Today 24 xəbər verir ki, "Mitiqa Beynəlxalq Hava Limanının İdarəsi hava hərəkətinin tamamilə dayandırıldığını və Mitiga hava limanına gələn uçuşların istiqamətinin dəyişdirilməsini elan edir".
Liviyadakı gərginliyin görüntüləri internetdə yayılıb. Al Wasat yazır ki, Liviyada eskalasiyadan az əvvəl səhra komandiri Əbdül Qani əl-Kikli (Geniva) öldürülüb. O, Liviya prezident şurasının təhlükəsizlik şöbəsinin rəhbəri olub. Media onun qətlinin hazırkı qarşıdurmalara səbəb ola biləcəyini ehtimal edir.
Bu ölkədə müxtəlif silahlı qruplar arasında toqquşmaların baş verməsi ilk dəfə deyil. Belə ki, ötən il martın sonunda Liviyanın baş naziri Əbdül Həmid əd-Dbeibinin iqamətgahı qumbaraatanlardan atəşə tutulub - həmin vaxt insident nəticəsində itki olmayıb.
Bu ilin yanvarında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirmişdi ki, Rusiya Federasiyası “Sparta” və “Sparta II” yük gəmilərindən istifadə etməklə hərbi texnikasının bir hissəsini Suriyadan Liviyaya köçürməyi planlaşdırır. Beləliklə, rəsmi Tripoli “Vaqner PMC”dən muzdluları ilə dəstək verən Moskvaya dost hesab olunur.
Bu günlərdə məlum olub ki, bu yaxınlarda Moskvada Rusiya diktatoru Vladimir Putinlə Liviyada ikinci vətəndaş müharibəsinin əsas fiqurlarından olan, çoxsaylı mümkün hərbi cinayətlərdə ittiham olunan və digər ölkələrdən, xüsusən də Rusiya Federasiyasından hərbi dəstək alan Liviyanın Ali Baş Komandanı Xəlifə Haftar arasında görüş keçirilib.
2023-cü ilin noyabrında Rusiyanın Liviyada hərbi baza tikmək planları məlum olub.
Əziz Mustafa, Oxuməni.az