
Kürdüstan Fəhlə Partiyası özünü ləğv etdiyini elan edib
PKK Türkiyə ilə silahlı münaqişəyə son qoymaq və özünü buraxmaq qərarını elan edən bəyanat yayıb. Partiya bu addımı XII Qurultayın yekunlarına əsasən elan edib. Bu barədə “Rudaw” agentliyi xəbər verir.
"PKK (Kürdüstan Fəhlə Partiyası.—red.) kürdlər üçün yalnız ən yaxşısını edir. Bugünkü sülh prosesi dünənki PKK müharibəsindən yaxşıdır. PKK mübarizəni davam etdirərsə, özünə zərər verəcək", - “Rudaw” partiyanın keçmiş lider üzvü Xəlil Atacın sözlərini sitat gətirir.
Qeyd olunur ki, qurultayda PKK -nın strukturunun ləğvi və silahlı mübarizənin dayandırılması, bununla da təşkilatın fəaliyyətinə son qoyulması qərara alınıb. PKK konqresi də siyasi və demokratik mübarizə üsullarına keçid elan edib.
PKK ilə Türkiyə arasında silahlı qarşıdurma 1984-cü ilin avqustundan bəri 40 ildən çox davam edir.
Yanvarda Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə və Suriyanın Kürdüstan Fəhlə Partiyasından olan yaraqlılara qarşı genişmiqyaslı hərbi əməliyyat planlaşdırdığını bildirib.
Eyni zamanda, nazir Suriyada olan PKK yaraqlılarına ultimatum elan edib. Onun sözlərinə görə, terrorçular ölkəni tərk etməli, təşkilatın qalan üzvləri isə silahlarını yerə qoyaraq yeni Suriya təşkilatı ilə əməkdaşlıq etməlidirlər.
Almaz Həsənli