
Vitkoff Putini inandıra bilmədi - Rusiya Ukraynanın 4 bölgəsini tələb edir
Rusiya diktatoru Vladimir Putin ABŞ-ın təzyiqlərinə baxmayaraq, istənilən sülh sazişinin bir hissəsi kimi Ukrayna ərazisini tələb etməyə davam edir. Bu barədə Bloomberg xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff cümə günü, aprelin 25-də Kremldə uzun sürən danışıqlar zamanı Putini hazırkı cəbhə xətti boyunca hərbi əməliyyatların dayandırılmasına razı salmağa çalışıb.
Bununla belə, rus diktatoru əvvəllər bəyan etdiyi mövqeyindən sadiq qalır və müharibənin dayandırılması ilə bağlı hər hansı razılaşmanın bir hissəsi kimi Ukraynanın hələ tam işğal etmədiyi dörd bölgəsinə tam nəzarəti əldə etmək istəyir. Bu barədə Bloomberg-ə danışıqların gedişi ilə tanış olan Moskvadakı üç mənbə bildirib.
Nəşr əlavə edir ki, bu tələb ABŞ prezidenti Donald Trampın atəşkəsə nail olmaq və müharibəyə son qoymaq səylərinə zərbə olub. Onun həmsöhbətlərindən birinin sözlərinə görə, danışıqlar hələlik dalana dirənib və sonrakı irəliləyiş yalnız Putin və Trampın birbaşa iştirakı ilə mümkündür.
Tramp Vitkoff və Putin arasında aparılan danışıqları şərh etməkdən imtina edib.
"Biz davam edən danışıqları şərh etmirik. Biz münaqişənin sülh yolu ilə həlli üçün həm Ukrayna, həm də Rusiya ilə işləməkdə irəliləməyə davam edirik", - ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü James Hewitt deyib.
Əziz Mustafa, Oxuməni.az