Şimali Koreya ilk dəfə olaraq Rusiyaya qoşun göndərdiyini təsdiqləyib

Şimali Koreya ilk dəfə olaraq Rusiyaya qoşun göndərdiyini təsdiqləyib

15:29
Bəyəndim (3) Bəyənmədim (0)


Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib. Müvafiq mesaj bazar ertəsi, aprelin 28-də Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən dərc edilib.
"Ukrayna hakimiyyətinin Rusiya Federasiyasına avantürist işğalını dəf etmək üçün Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatlar qələbə ilə başa çatıb", - agentlik Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyasının (MHK) bəyanatından sitat gətirir. "Koreya Xalq Demokratik Respublikası dövlət başçısının sərəncamı ilə Kursk vilayətinin azad edilməsi əməliyyatlarında iştirak edən silahlı qüvvələrimizin bölmələri yüksək döyüş ruhunu və hərbi temperamentini tam nümayiş etdirərək, Rusiya Federasiyası ərazisinin işğaldan azad edilməsinə mühüm töhfə verib", - Mərkəzi Hərbi Komissiya əlavə edib.
Pxenyan vurğulayıb ki, qoşunların yerləşdirilməsi qərarını Şimali Koreya lideri Kim Çen In Şimali Koreya ilə Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi 4-cü maddəsinə əsasən qəbul edib. Kim Çen Inın sözlərinə görə, Pxenyanda "hərbi gəhramanlığa abidə" ucaldılacaq.
Cənubi Koreya və Qərb kəşfiyyat agentliklərinin məlumatına görə, Şimali Koreya 2024-cü ildə Ukraynanın Kursk üzərindəki hücumu fonunda Rusiyaya 10 mindən çox əsgər göndərib, “AFP” agentliyi xatırladıb.
Aprelin 28-də Rusiya prezidenti Vladimir Putin KXDR əsgərlərinin Kursk vilayətində gedən döyüşlərdə iştirakına ilk dəfə münasibət bildirib. "Koreyalı dostlar həmrəylik, ədalət və həqiqi yoldaşlıq hissi əsasında hərəkət etdilər. Biz bunu yüksək qiymətləndiririk və şəxsən Dövlət İşləri üzrə Sədri (Şimali Koreya Dövlət Şurası - Red.) yoldaş Kim Çen Ina, KXDR-in bütün rəhbərliyinə və xalqına səmimi minnətdarlığımızı bildiririk", - Kremlin mətbuat xidməti Putindən sitat gətirib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Putinə “Kursk vilayətinin azad edilməsi üzrə əməliyyatın başa çatması” barədə hesabat verib. Bunu aprelin 26-da “İnterfaks” agentliyinə istinadən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Almaz Həsənli