ABŞ universitetlərindən üç alim iqtisadiyyat üzrə Nobel mükafatı alıb
ABŞ alimləri Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson 2024-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər. Bu barədə oktyabrın 14-də Nobel Komitəsi məlumat yayıb.
Mükafat Acemoğlu, Conson və Robinsona millətlər arasında rifah fərqləri ilə bağlı araşdırmalarına görə verilib. Xüsusilə, bir ölkənin çiçəklənməsi üçün ictimai qurumlarının əhəmiyyətini nümayiş etdirdilər.
Nobel Komitəsinin mesajında qeyd olunur ki, yeni elan edilmiş Nobelçilərin işi hər bir ölkənin rifahı üçün ictimai institutlarının əhəmiyyətini anlamağa kömək edir: “Qanunların zəif olduğu və ictimai institutlarının əhalisini istismar etdiyi ölkələr iqtisadi artım və ya yaxşılığa doğru dəyişməsi cərayan etmir. Laureatların araşdırması bunun səbəbini anlamağa kömək edir”.
“Ölkələr arasında gəlir səviyyələrində böyük fərqlərin azaldılması dövrümüzün ən böyük problemlərindən biridir. Laureatlar bu məqsədə çatmaqda dövlət qurumlarının vacibliyini nümayiş etdirdilər”, - İqtisadiyyat Elmləri üzrə Mükafat Komitəsinin sədri Yakob Svensson izah etdi.
Daron Acemoğlu İstanbulda erməni ailəsində doğulub, Qalatasaray Liseyini bitirib, York Universitetində bakalavr, London İqtisadiyyat Məktəbində magistr və doktorluq dərəcəsi alıb. Saymon Conson Britaniyanın Şeffild şəhərində anadan olub, Oksfordu bitirib, Mançester Universitetində magistr dərəcəsi, Massaçusets Texnologiya İnstitutunda (MIT) doktorluq dərəcəsi alıb. Ceyms Robinson Britaniya vətəndaşıdır, bakalavr dərəcəsini London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində, magistr dərəcəsini Uorik Universitetində və doktorluq dərəcəsini Yel Universitetində alıb. Acemoğlu və Conson hazırda MIT-də, Robinson isə Çikaqo Universitetindədir.
Daron Acemoğlu və Ceyms Robinson, digər məsələlərlə yanaşı, məşhur “Nə üçün bəzi ölkələr varlı,bəzi ölkələr isə kasıbdırlar” (“Why Nations Fail: The Origins of Power, Prosperity and Poverty”) kitabının həmmüəllifi olublar.
2023-cü ildə Harvard Universitetinin professoru və gender mütəxəssisi Klaudiya Qoldin “əmək bazarında qadınların rolunun daha yaxşı anlaşılmasına görə” iqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdı.
Almaz Həsənli