
Mişel İran prezidenti ilə görüşdə Rusiyaya raket tədarükü ilə bağlı ona təzyiq edib
Avropa Şurasının rəhbəri Şarl Mişel İran prezidenti Məsud Pezeşkian ilə görüşüb. Tərəflər İran raketlərinin Rusiyaya tədarükü məsələsinə toxunublar.
Bu barədə Mişel və The Wall Street Journal-ın müxbiri Lourens Norman Twitter-də məlumat yayıblar.
Mişelin sözlərinə görə, o, Pezeşkianla Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşüb.
“Rusiyaya silah tədarükü, vasitəçilər vasitəsilə regionun sabitliyinin pozulması, həbsdə olan Aİ vətəndaşları, nüvə proqramı və insan haqlarının vəziyyəti ilə bağlı Aİ yenidən narahatlığını ifadə etdi ”, - deyə rəsmi əlavə edib.
O, həmçinin gərginliyin qarşısını almaq üçün dialoqun vacibliyini vurğulayıb.
Öz növbəsində, WSJ müxbiri mənbələrə istinadən qeyd edir ki, görüş zamanı Mişel İran liderinə Aİ ilə İran arasında münasibətlərin “ən aşağı nöqtəsində” olduğunu deyib.
Eyni zamanda, Avropa Şurasının rəhbəri İran prezidentinə insan haqları, regional sabitliyin pozulması, Rusiyaya raket tədarükü və İranda həbsdə olan Avropa ölkələrinin vətəndaşları ilə bağlı təzyiqlər edib.
Oxuməni.az